Rusiya Dövlət duması 2017-ci il dövlət büdcəsinə dəyişiklik edərək neftin büdcə qiymətini 40 dollardan 45,6 dollara çatdırıb. Eyni zamanda, yaxın üç il ərzində büdcə üzrə neftin barelinin baza qiymətini açıqlayıb.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın maliyyə naziri Anton Siluanov Dövlət Dumasında jurnalistlərin suallarını cavablandırarkən bildirib. O deyib ki, 2018-2020-ci illəri əhatə edən dövlət büdcəsində neftin 1 barelinin qiyməti 40 dollardan hesablanacaq: “Neftin qiymətini 40 dollardan yuxarı götürmək düzgün olmaz. Çünki hələ də qiymətlərdə dalğalanma riskləri qalır.
Hətta OPEC-ə üzv və üzv olmayan ölkələr hasilatın azaldılmasında razılığa gəlsələr də, neftin qiymətinin düşdüyünü görürük. Büdcəni xarici risklərdən qorumaq üçün neftin qiyməti konservativ səviyyədə - 40 dollardan götürülməlidir”.
L.Ə.