Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Xoşbəxt Yusifzadə Rusiya Təbiət Elmləri Akademiyasının “Akademik Azad Mirzəcanzadə beynəlxalq gümüş medalı”na layiq görülüb.

Dövlət Neft Şirkətinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, martın 3-də SOCAR-ın Baş ofisində medalın təqdimolunma mərasimi keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, geologiya-mineralogiya elmləri doktoru İbrahim Quliyev çıxış edərək bildirib ki, Rusiya Təbiət Elmləri Akademiyası özünün ali mükafatlarından birini görkəmli Azərbaycan alimi, Dövlət Mükafatı laureatı, Əməkdar elm və texnika xadimi, Fəxri neftçi, akademik Azad Mirzəcanzadənin adına təsis edib. Bu medal dünyada Azərbaycanlı alimin adına təsis edilmiş ilk beynəlxalq mükafatdır.

Əlamətdar haldır ki, Rusiya Təbiət Elmləri Akademiyası “Akademik Azad Mirzəcanzadə beynəlxalq gümüş medalı” ilə ilk olaraq Azərbaycan neft sənayesinin və neft elminin patriarxı Xoşbəxt Yusifzadəni təltif edib. Bu münasibətlə akademik Xoşbəxt Yusifzadəni təbrik edən Milli Elmlər Akademiyasının vitse-prezidenti İbrahim Quliyev medalı ona təqdim edib.
Mərasimdə çıxış edən SOCAR-ın vitse-prezidentləri Rəhman Qurbanov və Xalik Məmmədov akademik Azad Mirzəcanzadənin adına təsis olunmuş medalın ilk olaraq akademik Xoşbəxt Yusifzadəyə verilməsini qanunauyğun hal kimi qiymətləndiriblər.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik X.Yusifzadə Rusiya Təbiət Elmləri Akademiyasına və mərasim iştirakçılarına təşəkkürünü bildirib, akademik Azad Mirzəcanzadə ilə birgə fəaliyyətindən danışıb, onunu adına təsis olunmuş medalla ilk dəfə təltif edilməsindən ikiqat qürur hissi keçirdiyini vurğulayıb.


Qeyd edək ki, akademik Xoşbəxt Yusifzadə 2014-cü ilin dekabrında Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü seçilib. AMEA-nın həqiqi üzvü Xoşbəxt Yusifzadə həm də Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki, Gürcüstan Milli Elmlər Akademiyasının xarici həqiqi üzvü, Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının fəxri akademiki seçilib.

