Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"S&P": Manatın dollara qarşı məzənnəsi 2028-ci ilə qədər dəyişməyəcək
"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanda bu il üçün ortaillik inflyasiyanı 2% səviyyəsində proqnozlaşdırır.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu barədə agentliyin məlumatında qeyd olunub.
Ötən il Azərbaycanda ortaillik inflyasiya 8,8% təşkil edib.
Agentliyin yenilənmiş proqnozlarına görə, Azərbaycanda ortaillik inflyasiya 2025-ci ildə 4%-ə qədər artacaq, lakin 2026-27-ci illərdə illik 3%-ə qədər azalacaq.
Azərbaycanda 2024-cü ilin yanvar-oktyabr aylarında ortaillik inflyasiya 1,7% təşkil edib. İqtisadiyyat Nazirliyi ölkədə ortaillik inflyasiyanı 2024-cü il üçün 2,7%, 2025-ci il üçün 4,6%, 2026-cı il üçün 4%, 2027-28-ci illər üçün isə illik 3,8% səviyyəsində proqnozlaşdırır.
"S&P" Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisitinin 2024-cü ilin sonuna ÜDM-in 6,9%-ni (2023-cü ildə ÜDM-in 11,5 %-i) təşkil edəcəyini proqnozlaşdırır.
Agentliyin hesablamalarına görə, cari əməliyyatlar hesabının profisiti 2025-ci ildə ÜDM-in 2,7%-ni, 2026-cı ildə ÜDM-in 1,2%-ni təşkil edəcək, 2027-ci ildə isə hesab ÜDM-in 0,2%-i səviyyəsində kəsirlə olacaq.
"S&P", həmçinin, hesab edir ki, 2028-ci ilə qədər manatın ABŞ dollarına qarşı məzənnəsi dəyişməyəcək.
"Hökumətin valyuta bazarına mütəmadi müdaxilələri ilə Azərbaycanda dollar-manat nisbətinin 1,7 səviyyəsində saxlayacağını proqnozlaşdırırıq. Bununla belə, karbohidrogen qiymətləri kəskin düşərsə və uzun müddət aşağı qalarsa, hakimiyyətin Mərkəzi Bankın valyuta ehtiyatlarını əhəmiyyətli azalmadan qorumaq üçün məzənnəni tənzimləməyi nəzərdən keçirəcəyini ehtimal edirik", - agentlik vurğulayıb.