2014-cü ilin ötən dövrü ərzində ölkə üzrə 1860 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 90,5 milyon manat güzəştli kredit yönəldilib.
Oxu.Az xəbər verir ki, bunu İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib.
Onun sözlərinə görə, bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 4300-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
“Ümumilikdə indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 772 investisiya layihəsinin maliyyələşdirilməsinə 176 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan çörək zavodları, istixana kompleksləri, quşçuluq təsərrüfatları, ət emalı, metal konstruksiya istehsalı və digər sənaye müəssisələrinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib, 5900-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb”, - deyib Ş.Abdullayev.
O həmçinin məlumat verib ki, Azərbaycan Prezidentinin “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” 16 yanvar 2014-cü il tarixli sərəncamına uyğun olaraq, Bakı şəhərində artıq 2 logistik mərkəzin və 1 ixtisaslaşdırılmış “yaşıl market”in tikintisi maliyyələşdirilib.
Gülnarə Zeynalova
www.oxu.az