Dövlət Neft Fondu (ARDNF) “Mitsubishi UFJ Trust and Banking Corporation” ilə birgə Yaponiyanın paytaxtı Tokio şəhərində yerləşən dəyəri 52,3 milyard yapon yeni (418 mln. dollar) təşkil edən Kirarito Ginza ticarət obyektini satın alıb.
Bu ARDNF-nin Yaponiyada həyata keçirdiyi ilk daşınmaz əmlak investisiyasıdır. Binanın alqı-satqı prosesində satıcı qismində “Elliott Advisors Asia Limited” və “Orix Corporation” çıxış edib.
Bu barədə ARDNF-dən Oxu.Az-a bildirilib.
ARDNF-dən bildirilib ki, Kirarito Ginza ticarət obyekti Yaponiyanın ən məşhur ticarət ərazisi sayılan Ginza rayonunda, Çou avenyuda yerləşir.
Binanın tikintisi 2014-cü ildə başa çatdırılıb və son dövrlər ərzində Ginza rayonunda tikilən ən dəyərli investisiya aktivlərindən biridir. Binanın ümumi sahəsi 15 647 kvadrat metr təşkil edir və 47 şirkət tərəfindən icarəyə götürülüb.
ARDNF-nin İcraçı direktoru Şahmar Mövsümov Yaponiya daşınmaz əmlak investisiyası ilə bağlı bildirib:
“Biz Fondun Yaponiya daşınmaz əmlak bazarına ilk investisiya yatırımından çox məmnunuq. Bu daşınmaz əmlaka investisiya qoyuluşunda əsas məqsəd, onun uzun müddət ərzində dəyərini qoruyub saxlaması, eləcə də orta və uzun müddətdə yüksək gəlirlilik potensialına malik olmasıdır”.
Qeyd edək ki, yeni investisiya siyasətinə əsasən investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədəri səhmlərə, 5%-ə qədəri qızıla, eləcə də eyni həcmdə vəsaiti, yəni 5%-ə qədəri daşınmaz əmlaka investisiya edilə bilər.
Ülviyyə R. Əli
www.oxu.az