Əlbəttə ki, energetika sektoru hər iki tərəf üçün və ümumiyyətlə, dünya miqyasında vacib sahədir.
ABŞ şirkətləri Azərbaycanda təkcə istehsalat sahəsində yox, həmçinin xidmət və digər sahələrdə daha güclü rola yiyələnmək üçün başqa ölkələrdəki şirkətlərlə işləyirlər.
Oxu.Az xəbər verir ki, bu sözləri Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta Azəbaycan prezidenti İlham Əliyev ilə görüşü zamanı açılış nitqində deyib.
Onun sözlərinə görə, son 24 ildə ABŞ Azərbaycana müxtəlif xətlərlə 1,2 milyard dollardan çox yardım edib:
“Hesab edirəm ki, kənd təsərrüfatı, yüksək texnologiyalar və turizm sahələrində, habelə Sizin qeyd etdiyiniz yeni sahələrin inkişafında biz Sizə yardımçı ola bilərik.
Bizim çoxlu diqqət yetirdiyimiz və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin missiyası ilə işləməyə çalışdığımız sahə. Yəqin ki, bilirsiniz, 1992-ci ildən bəri ABŞ Azərbaycana müxtəlif xətlərlə 1,2 milyard dollardan çox yardım edib”.
Səfir həmçinin vurğulayıb ki, ABŞ Azərbaycanda sahibkarlığın və kənd təsərrüfatının inkişafına yardım göstərməyə hazırdır:
“Beləliklə, bizim diqqət yetirdiyimiz sahələrdən biri də sahibkarlığın və kənd təsərrüfatının inkişafıdır. Biz bu işin davam etdirilməsini səbirsizliklə gözləyirik.
Hesab edirəm, bizim aşkar etdiyimiz əsas məsələ odur ki, özəl sektor bəzən bizə harada daha yaxşı fəaliyyət göstərdiyimizi, hansı sahələrə isə daha çox diqqət yetirilməsinə zərurət yarandığını yaxşı əks etdirir”.
“Vurğulamaq istəyirəm ki, Amerika tərəfindən biz Azərbaycanın güclü, çiçəklənən və sabit ölkə olmasına kömək etmək istəyirik. Hesab edirəm ki, bu, bizim, Sizin və bütün Azərbaycanın istəyidir”, - deyə R.Sekuta qeyd edib.
Ülviyyə R. Əli
www.oxu.az