Müstəqillik əldə etdikdən sonra ölkəmizin tranzit potensialının reallaşdırılması Azərbaycanın xarici siyasətinin əsas vəzifələrindən biri olub. Azərbaycanda tranzit potensialının işə salınması üçün iri nəqliyyat layihələri həyata keçirilib.
Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəməri fəaliyyət göstərir və regionda ən böyük liman olacaq Bakı Beynəlxalq Ticarət Limanı inşa edilir, Bakı-Tbilisi-Kars dəmir yol xəttinin gələn il istismara verilməsi planlaşdırılır.
Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov KazTAQ agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycan dost ölkələr üçün özünün tranzit potensialını təqdim etməyə hazırdır. “Qazaxıstan da həmçinin bu marşrutu maneəsiz istifadə edir. Bu il Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə Avropa nəqli bərpa olundu. Biz inanırıq ki, Kaşaqan yatağının işə salınmasından sonra Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan vasitəsilə tranzit həcmi artacaq”.
Səfirin sözlərinə görə, boru kəməri həm Qazaxıstan, həm də Azərbaycan üçün lazım olacaq həcmdə neftin nəql olunması üçün hesablanmışdır.
Səfir həmçinin qeyd edib ki, Azərbaycan hələ hər hansı bir Avrasiya və ya Avropa İttifaqına qoşulmaq məsələsini nəzərdən keçirmir.
“Azərbaycan özünü təmin edən ölkədir və hələlik bu məsələlərə baxmır. Burada oturmaq və hesablamaq lazımdır – ora-bura, harada, nə, necə suallarına baxmaq lazımdır.”