2021-ci ilin ilk üç rübü ərzində “Səngəçal” terminalı ilə 172 milyon barel neft və kondensat ixrac edilib.
“BP Azərbaycan”dan Oxu.Az-a verilən məlumata əsasən, bu ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azdır.
Neft və kondensatın 148 milyon bareli Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 24 milyon bareli isə Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac edilib.
İlk üç rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 58 milyon standart kubmetr (2 milyard 63 milyon standart kubfutdan çox) “Şahdəniz” qazı ixrac edilib. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 20,8 faiz çoxdur.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.