2014-cü ilin ilk rübündə Azərbaycanın 28 sığorta şirkəti tərəfindən 117,94 milyon manat sığorta haqları hesablanıb.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, Dövlət Sığorta Nəzarəti Xidmətinin hesabatına görə, hesablanmış sığorta haqları ötən ilin analoji dövrü ilə müqayisədə 15,74 milyon manat və ya 15,4% çoxdur.
Birinci rübdə sığorta şirkətlərinin ödənişləri 25,4 milyon manat təşkil edib, bu da ötən ilin birinci rübü ilə müqayisədə 3,16 milyon manat və ya 12,4% çoxdur.
Yanvar-mart ayları ərzində könüllü sığortalar üzrə 87,14 milyon manat, icbari sığortalar üzrə isə 30,8 milyon manat sığorta haqları hesablanıb. Ötən ilin eyni dövrü ilə müqayisədə könüllü sığortalar üzrə hesablanmış sığorta haqları 13,1 milyon manat və ya 17,7%, icbari sığortalar üzrə isə 2,62 milyon manat və ya 9,3% artıb.
Sığorta bazarında artım əsasən könüllü həyat və tibbi sığortanın hesabına baş verib. Birinci rübdə könüllü həyat sığortası üzrə hesablanmış sığorta haqları 20,8 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,7 milyon manat və ya 72% çoxdur. Tibbi sığorta üzrə hesablanmış sığorta haqları isə müqayisə olunan dövrdə 4,2 milyon manat və ya 13,3% artıb.
2013-cü ilin ilk rübündə Azərbaycanın sığorta şirkətləri avtonəqliyyat vasitələrinin sığortası üzrə 8,18 milyon manat sığorta haqları toplayıblar. Bu da 2013-cü ilin birinci rübü ilə müqayisədə 25,2% azdır. Halbuki, sığorta şirkətləri ötən ilin ilk rübündə avtonəqliyyat vasitələrinin sığortası üzrə 10,94 milyon manat sığorta haqqı toplayıblar.