Qeyri-həyat sığortası bazarında yığım 3,8% azalıb, ödəniş 8,1% artıb. 2014-cü ildə Azərbaycanda sığorta haqlarının 324,2 milyon manatı və ya 75,5%-i qeyri-həyat sığortasının payına düşüb.
Oxu.Az xəbər verir ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) məlumatına görə, 2013-cü illə müqayisədə qeyri-həyat sığorta bazarı 12,7 milyon manat və ya təxminən 3,8% azalıb.
Qeyri-həyat sığortası üzrə yığımların 22%-i və yaxud 71,3 milyon manatı tibbi sığortanın, 21,7%-i və ya 70,3 milyon manatı avtomobillərin icbari sığortasının, 11,7%-i və ya 37,8 milyon manatı kasko sığortanın, 11,2%-i və ya 36,4 milyon manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 5,4%-i və ya 17,4 milyon manatı daşınmaz əmlakın icbari sığortasının, qalanı isə digər qeyri-həyatı sığortası növlərinin payına düşüb.
Ötən il sığorta ödənişlərinin 81,8%-ni və ya 128,55 milyon manatını qeyri-həyat sığortası təşkil edib. Bu, 2013-cü ilə nisbətən 9,6 milyon manat və ya təxminən 8,1% çoxdur.
Qeyri-həyat sığortası üzrə ödənişlərin isə 37,5%-i və ya 48,1 milyon manatı tibbi sığortanın, 22,2%-i və ya 28,6 milyon manatı kasko sığortanın, yəni 23,5%-i və ya 30,2 milyon manatı avtomobillərin icbari sığortasının, 5,9%-i və yaxud 7,6 milyon manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 1,9%-i və ya 2,4 milyon manatı daşınmaz əmlakın icbari sığortasının, qalanı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.
Qeyd edək ki, hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqına görə 39,7 manat ödəniş həyata keçirilib. Bu göstərici 2013-cü ildə 35,3 manat olub.