Türkiyədə Əliağa yarımadasında Petkim neftayırma zavodu, liman, elektrik stansiyası və neft-kimya layihələrinə sərmayə yatıran Azərbaycanın dövlət neft və qaz şirkəti SOCAR, 2018-ci ildə sərmayələr tamamlandıqda bu bölgədən ildə ən az 1 milyard dollarlıq faiz, amortizasiya, vergi əvvəli mənfəət (EBITDA - Earnings before Interest, Taxes, Depreciation and Amortization) götürməyi hədəfləyir.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, sərmayələr haqqında jurnalistləri məlumatlandıran “Socar Türkiyə” şirkətinin rəhbəri Kənan Yavuz, “Əliağa yarımadasına Petkimin satın alınması və neftayırma zavodu sərmayəsi də daxil olmaqla cəmi 10 milyard dollarlıq sərmayə qoyuruq.
Bu sərmayələr 2018-ci ildə böyük ehtimalla tamamlandığında ildə ən az 1 milyard dollarlıq faiz, amortizasiya, vergi əvvəli mənfəət yaradacağıq” deyib.
Neftayırma zavodunun infrastruktur sərmayələrinin böyük hissəsinin tamamlandığını qeyd edən Yavuz, neftayırma zavodunda montaj işlərinə 2015-ci ilin əvvəlindən etibarən başlayacağını bildirib. O qeyd edib ki, hazırda sahədə 900 nəfər ətrafında olan içilərin sayı 2016-cı ilin Mart-Aprel aylarında 16.000-17.000 adama qədər artacaqdır.
Təxminən 5.7 milyard dollara başa gələcəyi gözlənilən neftayırma zavodunun təməli 2011-ci ildə atılmışdı. Layihənin xərcinin 3.29 milyard dollarlıq hissəsi 23 bankdan götürülən kreditlə, 2.4 milyard dollarlıq hissəsi isə SOCAR-ın öz vəsaitləri hesabına ödəniləcək. Zavod 10 milyon ton istehsal gücündə olacaqdır.