SOCAR-AQŞ 20 saylı stasionar dəniz özülündən layihə dərinliyi 823 m olan 28 saylı quyunun tikinti işlərini təhlükəsiz, ətraf mühitə heç bir ziyan vurmadan və vaxtından əvvəl uğurla yekunlaşdırıb.
Bu barədə SOCAR-AQŞ-dən Oxu.Az-a bildirilib.
20 saylı stasionar dəniz özülün qurğu rəisi Səyavuş Abdullayev müəssisənin həyata keçirdiyi işlərə münasibət bildirərək qeyd edib ki, dayaz quyuların qazılmasının özünəməxsus xüsusiyyətləri var:
‘’Dayaz quyularda baş verə biləcək hadisələrin tezliyini nəzərə alaraq qazma briqadasından daha diqqətcil və çevik olmaları tələb olunur.
28 saylı quyunun qazılmasında müəssisəmiz yeni avadanlıq - HH 300 qazma qurğusundan uğurla istifadə edib. 300 at gücündə olan, tam avtomatlaşdırılmış və yığcam olan bu qurğu hidravlik olduğundan qazma baltasına əlavə olaraq 30 tona yaxın yük verə bilir’’.
28 saylı quyu cari ilin 3 fevral tarixində sifarişçiyə təhvil verilib. Quyu gündəlik 20 ton neft hasilatlı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, 28 saylı quyuda qazma işlərinə 30 dekabr 2015-ci ildə başlanılıb. “Qərbi Abşeron’’ yatağında qazılan quyunun faktiki dərinliyi 820 metr təşkil edir. Quyu Qırmaki Altı Lay Dəstəsinə maksimum 53 dərəcə bucaq altında qazılıb.
Xatırladaq ki, sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.
Ülviyyə R. Əli
www.oxu.az