SOCAR-AQŞ 20 saylı stasionar dəniz özülündən faktiki dərinliyi 736 m olan 26 saylı quyunun tikintisi işlərini təhlükəsiz, ətraf mühitə heç bir ziyan vurmadan və vaxtından əvvəl uğurla yekunlaşdırıb.
Bu barədə Oxu.Az-a şirkətdən bildirilib.
“26 saylı quyunun qazılmasına 29 aprel 2016-cı il tarixində başlanıb. Quyu Qırmaki Dəsti-3 (QD-3) horizontuna maksimum 39,9 dərəcə bucaq altında qazılıb. 26 saylı quyuya 7 düymə istismar kəməri endirilib, 736 metrəyə qazılmış acıq lüləyə isə 4,5 düyüm yüksək keyfiyyətli süzgəclər buraxılıb.
Bu süzgəclərin quyuya buraxılması quyu məhsuldarlığının artması, qumlanmanın qarşısının alınması və stabil hasilatın təmin edilməsinə imkan verəcək”, - deyə şirkətdən qeyd edilib.
Şirkətdən verilən məlumata görə, SOCAR-AQŞ növbəti quyuları da Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcəkdir.
Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.
Qeyd edək ki, hal-hazırda SOCAR-AQŞ dayaz sulu ‘’Günəşli ‘’yatağında yerləşən 7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 20 saylı, ‘’Ümid’’ yatağının 1 saylı və ‘’Bulla’’ yatağının 6 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ) qazma işləri aparır.
Ülviyyə R. Əli
www.oxu.az