“Ağburun-dəniz” strukturundakı 1 nömrəli axtarış quyusu layihə horizontuna çatdırılıb. Strukturun cənub-qərb qanadının tağa yaxın hissəsində kəsilişin stratiqrafiyasını, litologiyasını və neft-qazlılığını öyrənmək məqsədi ilə qazılmış quyu dənizin 10 metr dərinliyində yerləşir.
Oxu.Az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, quyu 860 metr dərinliyədək qazılaraq layihə horizontu olan Qirməki Altı Lay Dəstəsini tam açıb, quyuya 168,3 mm-lik istismar kəməri endirilib. Hazırda 1 nömrəli axtarış quyusunda perforasiya və mənimsəmə-sınaq işlərinə hazırlıq görülür.
Qazma işləri “Xəzər-6” tipli Üzən Qazma Qurğusu vasitəsi ilə həyata keçirilib. “Ağburun-dəniz” strukturu Abşeron arxipelaqının Şimali Abşeron qalxımlar zonasında Qərbi Abşeron neft yatağından 6 km cənubda yerləşir.
Gülnarə Zeynalova
www.oxu.az