SOCAR Gürcüstanda kommersiya istehlakçıları üçün qazın qiymətini artırmaqdan imtina edib.
Oxu.Az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu barədə "SOCAR Energy Georgia" şirkətindən bildirilib.
“SOCAR Gürcüstanda kommersiya istehlakçıları üçün qazın qiymətini artırmayıb. Kommersiya strukturları üçün qiymətlərin artırılması təşəbbüsü “Kaztransqaz-Tbilisi” şirkətindən gəlib.
Onların bəyanatı yayılandan sonra bizdə də bununla bağlı müəyyən fikirlər olub. Bununla belə, biz çörəkbişirmə və təhsil müəssisələri üçün qiymət artımını nəzərdən keçirmirdik və nəticədə bu ideyadan ümumiyyətlə imtina etdik”, - şirkətdə qeyd ediblər.
Mənbənin məlumatına əsasən, “Kaztransqaz”ın xəbərdarlığı hələ də qüvvədədir. Şirkət martın 1-dən etibarən hüquqi şəxslər üçün bir kub metr qazın qiymətini 0.9 lari (0.44 dollar/0.34 qəpik) artıracaq.
“Buna baxmayaraq, Azərbaycan qazının qiyməti artmayıb və şirkətin yaxın planlarında bu, nəzərdə tutulmayıb”,- şirkətdən bildirilib.
Qeyd edək ki, hazırda Tbilisidə təbii qazın qiyməti bir kub metrə görə 0.4562 lari (təxminən 0.23 dollar/0.18 qəpik), regionalrda isə 0.4 laridən (təxminən 0.2 dollar/0.15 qəpik) 0.5 lariyə (təxminən 0.25 dollar/0.19 qəpik) qədərdir.