Dövlət Neft Şirkətinin (SOCAR) Ekologiya İdarəsinin 2015-ci il üzrə iş planına uyğun olaraq Xəzərin Azərbaycan sektorunda fəaliyyət göstərən “Azneft” İB-nin tabeliyindəki neft-qaz yataqlarında cari ilin aprel ayından başlanan mövsümi ekoloji monitorinq işləri davam etdirilir.
Oxu.Az xəbər verir ki, mayın 4-dən 8-dək, “Abşeronneft” NQÇİ-nin “Abşeron bankəsi” və “Gürgan dəniz” yataqlarında növbəti monitorinq keçirilib.
Monitorinq zamanı seçilmiş stansiyalardan, dəniz dibindən dib çöküntüləri, bentos nümunələri, dəniz suyundan fitoplankton və zooplankton nümunələri, o cümlədən suyun üst və alt qatlarının fiziki-kimyəvi parametrlərinin təyin edilməsi üçün nümunələr götürülüb.
Kompleks analitik, o cümlədən, mikrobioloji təhlillər üçün hər bir stansiyadan götürülmüş su, dib, bentos, plankton nümunələri analiz olunması üçün Kompleks Tədqiqatlar Laboratoriyasına təhvil verilib.
Bu təhlillərin nəticəsi əsasında çirklənmənin aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsinə dair təkliflər paketi və yataqlar üzrə hesabatlar hazırlanacaq.
Qeyd edək ki, ekoloji monitorinqlər digər yataqlarda da davam etdiriləcək.
Ülviyyə R. Əli
www.oxu.az