SOCAR-ın prezidenti Rövşən Nəcəf Daşkənd şəhərində keçirilən "Özbəkistanın nefti və qazı (OGU-2026)" 28-ci beynəlxalq sərgi-konfransında iştirak edib.
Oxu.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Bildirilib ki, tədbir çərçivəsində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev SOCAR-ın prezidenti Rövşən Nəcəfi, bp şirkətinin baş vitse-prezidenti Ariel Floresi, bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Ciovanni Kristofolini qəbul edib.
Rövşən Nəcəf Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını çatdırıb.
Prezident Şavkat Mirziyoyev Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.
SOCAR prezidenti Rövşən Nəcəf bp şirkətinin baş vitse-prezidenti Ariel Flores və bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Ciovanni Kristofoli ilə birgə Özbəkistan Respublikasının energetika naziri Jurabek Mirzamahmudov və "Uzbekneftegaz" ASC İdarə Heyətinin sədri Abdugani Sanginov ilə üçtərəfli görüşlər keçirib.
Görüşlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən müəyyənləşdirilən uzaqgörən siyasətə uyğun olaraq, "Üstyurt" layihəsinin uğurla həyata keçirildiyi qeyd olunub.