Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Erl Litzenbergerlə görüşüb.
Şirkətin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, SOCAR prezidenti səfiri salamlamış və onu yeni təyinatı münasibəti ilə təbrik edib, şirkətin fəaliyyəti, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional və qlobal əhəmiyyətli enerji layihələrinin həyata keçirilməsində rolu, Cənub Qaz dəhlizi layihəsinin gedişi haqqında məlumat verib.
Səmimi qəbula və təbrikə görə minnətdarlığını ifadə edən səfir Erl Litzenberger Azərbaycanın ABŞ üçün etibarlı tərəfdaş olduğunu bildirərək, fəaliyyəti dövründə iki ölkə xalqları arasında dostluq münasibətlərinin inkişafına töhfə verməyə çalışacağını deyib.
Səfir Azərbaycan və ABŞ arasında enerji sahəsində əlaqələrin gücləndirilməsinin özü üçün əsas prioritetlərdən biri hesab etdiyini vurğulayaraq, Azərbaycanın energetika sahəsində həyata keçirdiyi layihələrin bundan sonra da Amerika tərəfindən dəstəklənəcəyini söyləyib.