Trans-Anadolu Boru Kəmərinin (TANAP) çəkilişində ləngimə prosesi yoxdur.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev bildirib.
“TANAP layihəsinin reallaşdırılmasına çox ciddi hazırlıq işlərindən sonra başlanılıb. Belə ki, bu cür iri layihələrə başlamaq mühəndis layihələrinin hazırlanması, hökumətlərarası sazişlərin imzalanması, maliyyələşdirmə, səhmdarlar arasında münasibətlərin qurulmasından bunun kimi yüzlərlə, hətta deyərdim minlərlə çözümdən keçir”, - deyə SOCAR rəsmisi qeyd edib.
O, həmçinin bildirib ki, dənzidə və ya su hövzələrində boru kəmərinin çəkilməsi prosesi istər mühəndis işlərinin aparılması, istərsə də digər texniki parametrləri ilə quru sahələrdə boru kəmərlərinin çəkilməsindən tamamilə fərqlənir. Məhz bu səbəbdən dənizdə boru kəmərinin çəkilməsi daha tez başa gələ bilir.
Bundan başqa, o bildirib ki, boru kəmərinin inşası ilə məşğul olan şirkətlər və şirkətlər qrupu ilə müqavilələr bağlanıb:
“Boru kəməri üzrə artıq 1300 km qisminin 850 km -ə qədərinin borusu istehsal edilib. Borular hazırdır. Bunlar daha çox Türkiyə, bir qismi isə Çində istehsal edilib”.
Ülviyyə R. Əli
www.oxu.az