Rumıniyanın Bakau şəhərində “SOCAR” brendi ilə fəaliyyət göstərən ikinci yanacaqdoldurma məntəqəsi istifadəyə verilib.
Oxu.Az AzərTAC-a istinadən xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə “SOCAR Petroleum” şirkətinin rəhbəri Həmzə Kərimov çıxış edərək deyib:
“Bakau bizim üçün mühüm əhəmiyyət kəsb edən bir şəhərdir və buna görə bu şəhərdə ikinci yanacaqdoldurma məntəqəsini açdıq. Bizi çox sevindirir ki, müştərilərimiz məhsullarımızın keyfiyyətini və xidmətlərimizi yüksək qiymətləndirirlər”.
Məntəqədə yanacaq məhsullarının satışından əlavə market, “NAR” kafe, 24 saat pulsuz internet xidmətləri də müştərilərin istifadəsinə verilib. Burada 24 yeni iş yeri açılıb. Bununla da SOCAR-ın Rumıniyanın Bakau şəhərindəki investisiyası 2 milyon avroya çatıb.