“Səngəçal-dəniz” sahəsində, dənizin 14,5 metr dərinliyində yerləşən 680 nömrəli meydançada yükdaşıyan konstruksiyaların təmiri, örtük tavalarının dəyişdirilməsi, eləcə də korroziyadan mühafizə tədbirlərinin və elektrik işlərinin görülməsi, rotor və qülləaltı svayların gücləndirilməsi planlaşdırılır.
Bu barədə Oxu.Az-a Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
Məlumatda qeyd olunur ki, meydançanın təhlükəsiz istismari məqsədi ilə burada yanğından mühafizə sistemi bərpa olunacaq, dalma nasosları quraşdırılacaq. Ümumiyyətlə, 2310 kvadratmetr sahəni əhatə edən meydançanın 1750 kvadratmetrlik hissəsi əsaslı təmir ediləcək.
Xatırladaq ki, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında təmir olunacaq meydançanın baş podratçısı “Neftqaztikinti” Trestidir.
Qeyd edək ki, 1980-ci ildən istismara verilən 680 nömrəli estakadayanı meydançadan sutkada 65 ton neft hasil olunur.