Dekabrın 22-də “Suraxanıoyl” Əməliyyat Şirkətinin 3-cü mədən ərazisində lay sularının təmizlənməsi məqsədi ilə həyata keçirilən pilot layihənin təqdimatı keçirilib.
Oxu.Az-a bu barədə Dövlət Neft Şirkətindən bildirilib.
Almaniyanın AWAS şirkəti tərəfindən 2 ay müddətində həyata keçirilən pilot layihə uğurla başa çatıb. Belə ki, mədən ərazisində quraşdırılmış qurğuya daxil olan lay suyunun Xəzər dənizinə yol verilən axıntı həddinə qədər təmizlənməsinə nail olunub. Bu, indiyə qədər Azərbaycan neft sənayesində dənizə buraxılan axıntılarla bağlı əldə edilmiş yeni uğurlu nailiyyətdir. Qeyd etmək istərdik ki, bu tip təmizləyici qurğuların tezliklə bütün digər neft istehsalat sahələrində tətbiqi nəzərdə tutulub.
Xatırladaq ki, tədbirdə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, vitse-prezidentləri Rəfiqə Hüseynzadə, Rəhman Qurbanov, David Məmmədov və digər əlaqədar qurumlardan rəsmi şəxslər iştirak ediblər.