Suriyada mücahidlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) avtomobilini ələ keçirdikləri barədə məlumat yayıblar.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Bəşər Əsəd qüvvələrinə qarşı Azad Suriya Ordusunun tərkibində vuruşan mücahidlər fotosunu yaydıqları, üzərində SOCAR-ın loqotipi əks olunan yanacaqdaşıyan avtomobilin SOCAR-a məxsus olduğunu iddia edirlər.
SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev açıqlamasında həmin avtomobilin üzərindəki “SOCAR” loqotipinin saxta olduğunu bildirib:
“Bizim Suriyada heç bir biznesimiz yoxdur və təbii ki, bu maşın da bizə aid ola bilməz.
Digər tərəfdən fotonu böyüdüb, “O” hərfinə diqqət yetirdikdə, bu loqotipin saxta olduğu aşkar görünür. Başqa ölkələrdə də SOCAR-ın loqotipinin saxtalaşdırılması hallarına rast gəlinib və bunun qarşısı alınıb. Belə hallar bir daha onu göstərir ki, SOCAR-ın işgüzar imici yüksəkdir, onun loqotipini saxtalaşdırıb istifadə edirlər”.