Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Süveyş kanalındakı qəza Azərbaycan neftinin qiymətinə necə təsir edəcək? - AÇIQLAMA
“Süveyş kanalının bağlı qalması hazırda SOCAR-ın əməliyyatlarına demək olar ki, təsir göstərmir”.
Bu barədə Oxu.Az-a Azərbaycan Dövlət Neft Şirkətinin hasil etdiyi xam neftin satışını həyata keçirən “SOCAR Trading” şirkətindən məlumat verilib.
Məlumatda bildirilir ki, Azərbaycan neftinin satışı baxımından əsas hədəf bazarı Avropa və Aralıq dənizinin hövzəsində olan ölkələrdir:
“Şərq istiqamətinə də zaman-zaman Azərbaycan nefti göndərilir, lakin bu günlərdə həmin istiqamətdə hələlik həmin istiqamətdə hərəkət edən tankerimiz yoxdur. Fars körfəzindən Aralıq dənizinə Süveyş üzərindən neftin daşınması azalsa da, daşınan neftin xassələri bizim neftdən fərqlənir. Odur ki, hazırkı vəziyyətdən irəli gələn qıtlıq Azərbaycan neftinə olan tələbata da birbaşa təsir göstərməyəcək”.
Şirkətdən verilən məlumatda qeyd edilib ki, hazırda pandemiya ilə əlaqədar neftə olan tələbat ümumilikdə nisbətən aşağı olaraq qalır:
“Belə görünür ki, Avropadakı neft emalı zavodları da hələlik mövcud həcmlərə qane olur. Beləliklə, yaranmış vəziyyət fraxt* qiymətlərinin artması istisna olmaqla, neft bazarına hələ ki, bir o qədər təsir göstərməyib. Vəziyyət yaxın günlərdə aradan qaldırılarsa, ortamüddətli perspektivdə də yəqin ki, hər hansı problem yaranmaz”.
Qeyd edək ki, qərargahı Cenevrədə yerləşən “SOCAR Trading” şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin hasil etdiyi xam neft həcmlərinin Ceyhan limanından satışını, üçüncü tərəflərin neft və neft məhsullarının ticarətini həyata keçirir, eyni zamanda, logistika, emal və satış sahələrinə beynəlxalq sərmayə yatırımı kimi məsələlərdə SOCAR-a dəstək göstərir.
Nigar Məmmədova
QEYD: *Fraxt - yük və ya sərnişinin daşınması üçün nəqliyyat sahibinə verilən haqdır.
"SOCAR" teqi üzrə xəbərlər
- Sabah Sumqayıtda 105 000 abonent qazsız qalacaq
- "SOCAR Türkiyə"nin gələn il üçün hədəfləri müzakirə edilib
- SOCAR-da "Vətəndaş cəmiyyəti təsisatları ilə işin gücləndirilməsi" mövzusunda tədbir keçirilib
- SOCAR və "MVM Group" bərpaolunan enerji sahəsində əməkdaşlığı müzakirə ediblər
- Naməlum avtomobil Bakının bir hissəsini qazsız qoydu