Asiya İnkişaf Bankının (AİB) ümumi maliyyə dəstəyi 23 milyard dollara bərabərdir, öz vəsaitlərini isə 10 milyard dollara çatdırıb. Bu da son illər müşahidə olunan rekord rəqəmdir.
Oxu.Az xəbər verir ki, bu sözləri AİB prezidenti Takehiko Nakao bankın rəhbərlər şurasının 48-ci iclasında bildirdi.
Onun sözlərinə görə, AİB-nin maliyyə qabiliyyəti 2017-ci ilədək 50%-dək qaldırılacaq.
“Biz Asiya ve Sakit okean regionunun artım dərəcələrini qorumalıyıq, struktur islahatları həyata keçirməliyik. Biz regiona güclü dəstəyimizi davam etdirəcəyik” - deyə, prezident bildirib.
O qeyd edib ki, hazırda 40 milyon insan gündə 1,5 dollara çalışır.
“Biz nəzərə almalıyıq ki, istehlak səbəti ənənəvi qalır, ərzağın dəyəri artır. Vəziyyət bu cür davam etsə yoxsulluğun həddi arta bilər. Bu isə qəbuledilməzdir”.
AİB prezidentinin sözlərinə görə, 2020-ci ilə qədər nəzərdə tutulub ki, bankın təhsil sektoruna ayırdığı vəsaitlər 2 dəfə artırılsın.
“Azərbaycanda məktəbləri nəzərdən keçirsək, xalqın tərəqqisini görə bilərik”, - deyə, o əlavə edib.
Prezident qeyd edir ki, Bakıda yaşıl avtobusların yaradılması işinə başlanılıb:
“Biz bu işdə artıq investorları cəlb etmişik” - deyə, Takehiko Nakao bildirib.
Ülviyyə R. Əli
www.oxu.az