Türkiyə hökuməti Trans-Anadolu Təbii Qaz Boru Xəttinə (TANAP)-a ortaqlıq üçün müraciət edən bir neçə şirkət ilə danışıqlar aparacaq.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri bu gün keçirilən konfransda ölkənin enerji və təbii sərvətlər naziri Taner Yıldız bildirib.
Nazir bildirib ki, TANAP kimi iri layihələrə inam artıqca, tələblər də çoxalır:
“Bu məsələ ətrafında konkret bir-iki şirkət ilə danışıqlar aparacağıq”-deyə, Taner Yıldız bildirib.
Məlumat üçün bildirək ki, Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyan TANAP çərçivəsində qonşu ölkəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanılması planlaşdırılır.
Başlanğıcda illik 16 mlrd. kubmetr təşkil edəcək nəql həcminin mərhələli surətdə əvvəlcə 24 mlrd. kubmetrə, sonra 31 mlrd. kubmetrə yüksəldilməsi nəzərdə tutulur.
1850 kilometrlik TANAP xətti 2020-ci ilin əvvəlindən etibarən Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanaraq, Cənubi Qafqaz Boru Xətti vasitəsilə alacağı təbii qazı Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaq.
TANAP 10-11 mlrd. dollar dəyərində qiymətləndirilir.
Layihədə payçılar arasında səhmlər belə müəyyənləşdirilib: “Cənub Qaz Dəhlizi” şirkəti - 58%, BOTAŞ - 30%, BP - 12%.
Ülviyyə R. Əli
www.oxu.az