Mayın 4-də Türkiyənin Kayseri Sabancı Kultur mərkəzində azərbaycanlı pediatr həkim Sübhiyyə Məmmədovanın əl işlərindən ibarət “Xarı bülbül” sərgisi keçirilib.
Oxu.Az xəbər verir ki, Azərbaycan və Türkiyə bayraqlarının fonunda muncuqlarla naxışlanmış ilk əl işi - əfsanəvi “Xarı bülbül” sərgi iştirakçılarının marağına səbəb olub. Sanki Sübhiyyə xanım doğulub boya başa çatdığı yurdunun – Şuşanın ətrini sərgi salonuna gətirmişdi.
“Səməni”, “ Xonça” tabloları həqiqi bir bahar şənliyinin əhval – ruhiyyəsini yaratmışdı. Onun folye, boya, muncuq, lent, şüşə qırıntıları, balıqqulağı və daşlarla bəzədilmiş “Nar”, “Bənovşə” , “ Lalə”, “Ana quş”, “Kəpənək”, “Buta”, “Akvarium”, “Firuzə”, “Xalı” tabloları təbiətin əsrarəngizliyinin təsviri idi.
Sərgidə Azərbaycan milli paltarlarında gəlinciklər və milli naxışlarla bəzədilmiş çoxlu dolçalar da sərgilənib.
“At üzərində igid”, “Gül çələngi” tablolarındakı rənglərin uyğunluğu və kiçik muncuqların harmonyasını yaratmaq üçün kim bilir Sübhiyyə xanım neçə gecəni yuxusuz keçirib. Bu yuxusuz gecələrdən də, yaratdığı gözəllikdən də çox məmnudur Sübhiyyə xanım.
Sübhiyyə xanım deyib: “Kayseri türk əl sənətləri kursuna gedərkən o qədər arzulayırdım ki, imkansız tələbələrə maddi komək göstərə bilim. Tanrım mənə bu imkanı verdi. Allahıma min şükür. Mən bu əsərləri yaradarkən həyatda olmuram. Harada olduğumu belə hiss etmirəm”.
Təbii ki, çərçivələrə sığmayan, çərçivə xaric də yaratdıqlarına ilmələr, naxışlar tökən Sübhiyyə xanım yalnız ruhu ilə baş – başa qalır. Və o ruh Qarabağımıza çox bağlıdır.
Qeyd edək ki , Sübhiyyə Məmmədovanın ailəsi bütünlüklə incəsənətə bağlıdır. Ömür – gün yoldaşı dossent Rəhim Məmmədov artıq 20 ilə yaxındır ki, Erciyes universitetinin “Gözəl sanatlar” bolümündə rəsmin sirlərini tələbələriniə öyrədir. Oğlu Nazim Məmmədov da atasının davamçısıdır. Qızı Günəş Abbas isə bir az fərqli olsa da, yenə də rəssamlığa bağlı bir sənətdədir. O, modelyerdir. Adana Büyükşəhər bələdiyyəsinin şəhər teatrının rejissoru Türkiyədə də tanınan və sevilən Cahangir Novruzovun tamaşalarına zər işləri – geyimləri ilə qatılır.
Bir sözlə bütün ailə üzvləri Azərbacanı Türkiyədə ləyaqətlə təmsil edir.
Sərginin açılışında iştirak edən universitet rəhbərliyi bu incə əl işləri və imkansız tələbələrə yardımı ücün soydaşımız Sübhiyyə Məmвmədovaya təşəkkürünü bildirib.