Azərbaycan “Boeing-787” təyyarələrinin istismarına başlamış ilk Avropa ölkələrindən biri olub.
Oxu.Az “Azərbaycan Hava Yolları” QSC –yə istinadən xəbər verir ki, bu barədə Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın Prezidenti Tatyana Anodinan bildirib.
Onun sözlərinə görə, Azərbaycan mülki aviasiyası yeni inkişaf mərhələsinə qədəm qoyub:
“Aviasiya parkı tamamilə yenidən təchiz olunub, ölkənin müxtəlif bölgələrində müasir hava limanları və avianaviqasiya mərkəzləri inşa edilib. Onlar da təyyarələr kimi, DAK-ın beynəlxalq sertifikatlarına malikdirlər və ICAO-nun standartlarına tam cavab verirlər”.
“Azərbaycanın bütün mülki aviasiya infrastrukturunu birləşdirən və təkcə regionumuzda deyil, həm də onun hüdudlarından kənarda böyük nüfuza malik yüksək peşəkar aviasiya rəhbərlərindən biri olan Əməkdar pilot, Dövlətlərarası Şuranın birinci vitse-prezidenti Cahangir Əsgərovun uzun illərdir rəhbərlik etdiyi AZAL ən nüfuzlu mülki aviasiya birliyi olan Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının üzvüdür.
Aparılmış irimiqyaslı işlərin nəticəsi kimi, “Skytrax” beynəlxalq reytinq agentliyi tərəfindən AZAL və Heydər Əliyev Beynəlxalq Hava Limanına “4 Ulduz” nüfuzlu reytinqi verildi”-deyə, o qeyd edib.
Qeyd edək ki, şuranın Bakıda mənzil qərargahı yerləşir.
Onu da əlavə edək ki, Dövlətlərarası Şuranın Bakıdakı mənzil-qərargahı artıq fəal işə başlayıb və bir sıra sərəncamçı sənədlər, o cümlədən “Azərbaycan Hava Yolları” QSC (AZAL) ilə Saziş imzalanıb.
Xatırladaq ki, Dövlətlərarası Şuranın nümayəndə heyəti iyulun 21-27-də Azərbaycanda işgüzar səfərdə olub. Azərbaycanın Baş naziri Artur Rasizadə və Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşlər keçirilib.

Ülviyyə R. Əli
www.oxu.az