Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Tikinti bazarında sement BAHALAŞDI
Tikinti bazarında sementin qiyməti artıb.
Oxu.Az xəbər verir ki, bu gün bazarda hər kisə sement üçün qiymət 20 qəpik bahalaşıb.
Maraqlıdır, ilk baxışdan cüzi görünən bu artım yeni binaların və ya həyət evlərinin qiymətlərinə təsir edəcəkmi?
Daşınmaz əmlak eksperti Nüsrət İbrahimov Oxu.Az-ın sorğusuna cavab olaraq artımın qaçılmaz olduğunu diqqətə çatdırıb.
"Ümumən tikintinin maya dəyərində tikinti materiallarının payı 40-45% təşkil edir. Sementin payı isə 10.5% olarsa, təbii ki, tikintinin maya dəyərində artım qaçılmaz olur. Lakin bu gün daşınmaz əmlak bazarında aparılan əqdlərin sayı son dörd ilin ən aşağı səviyyəsindədir. Ona görə də maya dəyərində qiymət artımının satış qiymətinə təsiri haqqında təsdiqedici fikir bildirmək, hesab edirəm ki, bir az tez olar. Yəqin, bu təsiri biz ilin sonunda və ya növbəti ilin əvvəlində hiss edərik", - deyə N. İbrahimov qeyd edib.
Bəs qiymətin artmasına səbəb nədir?
Sualımızı sement istehsalı ilə məşğul olan bəzi şirkətlərə ünvanladıq. Onlar da öz növbələrində qiymətin artırıldığını təsdiq etdilər. Qiymətin artmasına əsas səbəb kimi isə yanacağın qiymətinin artması göstərildi.
Qeyd olundu ki, yanacağın qiymətinin artması sementin maya dəyərini artırıb.
"Çünki yanacağın qiymətinin artması avtomatik olaraq daşınmaların qiymətinə, o da məhsulun maya dəyərinə təsir edir. Bu səbəbdən də biz qiymət artımını tənzimləmək məcburiyyətində qalırıq", - məlumatda deyilir.
Xatırladaq ki, iyulun 22-də mişardaşının qiymətində artım müşahidə olunub. 52 qəpik olan daş hazırda 0.8-1 AZN-ə satılır.
Əzizə İsmayılova