Mayın 5-də Tovuz rayonunda heyvandarlığa həsr edilmiş zona müşavirəsi keçirilib.
Kənd Təsərrüfatı Nazirliyindən Oxu.Az-a verilən məlumata əsasən, müşavirədə heyvandarlıq sahəsində prioritetlərin müəyyən edilməsi, damazlıq-seleksiya işlərinin yaxşılaşdırılması, yerlərdə heyvanların süni mayalandırılması işinin daha səmərəli təşkili məqsədi ilə zona baytarlıq laboratoriyalarının fəaliyyətinin genişləndirilməsi, arıxanaların qeydiyyatının aparılması və məlumatların elektron bazasının yaradılması, heyvanların süni mayalandırılmasında istifadə olunan genetik materialın və arıçılıq məhsullarının müayinə edilməsi, yem istehsalının təşkili, bölgə üçün xarakterik olan heyvan xəstəliklərinə qarşı mübarizə tədbirlərinin aparılması və heyvandarlığın digər məsələləri müzakirə olunub.
Zona müşavirəsində fermerlər, süni mayalama mütəxəssisləri, arıçılıqla məşğul olan hüquqi və fiziki şəxslər, heyvandarlıq mütəxəssisləri iştirak edib.
Zona müşavirəsində 2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı qarşıda duran vəzifələr, heyvandarlığın intensiv metodlarla inkişaf etdirilməsi yolları, heyvandarlıqda damazlıq-seleksiya işlərinin daha da yaxşılaşdırılması məqsədi ilə mütərəqqi texnologiyalar və bu sahədə zona baytarlıq laboratoriyalarında işlərin mərkəzləşmiş qaydada təşkili barədə ətraflı məlumat verilmişdir. Elmi-Tədqiqat Heyvandarlıq, Elmi-Tədqiqat Baytarlıq, Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutlarının və Göygöl Süni Mayalama Mərkəzinin direktorları heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili, heyvandarlıqda möhkəm yem bazasının yaradılması yolları və heyvan xəstəlikləri ilə mübarizə tədbirlərinə dair təqdimatlarla çıxış etdilər.
Zona müşavirəsində fermerləri və mütəxəssisləri maraqlandıran suallara ətraflı cavab verildi və qarşılıqlı fikir mübadiləsi aparıldı.
Müşavirənin sonunda müasir heyvandarlıq komplekslərində qabaqcıl təcrübənin nümayişi təşkil edildi.