Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Vahid Nuriyevin (1981-ci il təv.) CM-nin 234.4.3-cü (narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama və ya satma) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.
Oxu.Az xəbər verir ki, ötən il dekabrın 9-da Nəsimi RPİ-nin əməkdaşları daxil olan məlumat əsasında Vahid Nuriyevi saxlayıblar, ona məxsus çantada 2 kq 970 qram marixuana aşkar edilib. Dindirmə zamanı o, narkotik vasitəni şəxsi istifadəsi üçün əslən Zaqatala rayonundan olan Əli adlı şəxsdən 500 manata aldığını bildirib.
Məhkəmə prosesində Vahid Nuriyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Təqsirləndirilən şəxs ifadəsində günəmuzd fəhlə işlədiyini və digər yoldaşları kimi “Xalqlar dostluğu” metrostansiyası yaxınlığında olan körpünün altında yığışdıqlarını göstərib.
Əli adlı oğlan tez-tez yanlarına gəlib-gedib və onların narkotik istifadəçisi olduqlarını bilib. Buna görə də ona marixuana təklif edib, o da deyib ki, gətir, baxaq. Ayın 9-da, Əli çantada gətirdiyi narkotik vasitəyə görə 1000 manat istəyib, Vahid isə “mal”ın keyfiyyətsiz olduğunu görüb 500 manat verəcəyini bildirib. Onlar razılaşıblar. İşdən evə qayıtdıqda polis əməkdaşları onu saxlayıblar.
Təqsirləndirilən şəxs aldığı narkotik vasitəni satmaq niyyətində olmadığını, hər gün qəbul etdiyindən və ucuz düşdüyü üçün aldığını qeyd edib. O, 3 ilə yaxındır ki, narkotik vasitədən istifadə etdiyini bildirib.
Məhkəmənin hökmü ilə V.Nuriyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
C.H.
www.oxu.az