Rusiya türk tırlarını sərhəddən keçməyə qoymadıqdan sonra, tranzit keçid üçün alternativ marşrut kimi Xəzər dənizi dəhlizindən çox daha aktiv istifadə edilə bilər, bu xəttdəki Ro-Ro gəmilərinin tam həcmlə çalışması ilə nəqliyyat xərclərini 30% azaltmaq olar.
Oxu.Az TRT haber-ə istinadən xəbər verir ki, bu sözləri Beynəlxalq Nəqliyyatçılar Dərnəyinin İdarə heyətinin sədri Çətin Nuhoğlu bildirib.
Nuhoğlu Türkiyə-Suriya sərhədində Rusiyaya məxsus təyyarənin türklər tərəfindən vurulmasının Türkiyəyə qarşı sanksiyalarla nəticələnəcəyinə əmin olduğunu bildirib. Qeyd edib ki, yaranacaq vəziyyət türk nəqliyyatçılarını da yaxından maraqlandırır:
“Rusiya 2012-ci ildən bu yana nəqliyyatda bazardakı öz paylarını artırmaq üçün türk nəqliyyatçılarına sənəd vermirdi. İkitərəfli razılaşmalara imza atmaqda çətinlik çıxarırdılar. Ancaq türk nəqliyyatçıları güclü olduğuna görə, onlar uğur qazana bilmədilər. Rus nəqliyyatçılarının bununla belə, bazarda rolu da artmadı. Onların yerini moldovalı, bolqar, serblər doldurdu”.
İdarə heyətinin sədri Rusiyanın gömrük sərhədində gözlətdiyi türk tırlarını Qazaxıstan, Qırğızıstan, Tacikistana çatdırılması üçün Azərbaycanın öz qapılarını Türkiyəyə açmasına görə heç bir çətinlik yaşanmadığını bildirib. O, bunun üçün Azərbaycan rəsmilərinə təşəkkür edib.
Nuhoğlu Türkiyədən Orta Asiyaya nəqliyyatdan Rusiyadan başqa tək alternativ yolun Xəzər dənizi dəhlizi üzərindən Orta Asiyaya keçid olduğuna diqqəti çəkərək, sözlərini belə davam etdirib:
“Rusiyanın türk tırlarını sərhəd qapısında gözlətməsinin ardından tranzit keçid üçün alternativ marşrut kimi Xəzər dənizi keçidi çox daha aktiv istifadə edilə bilər. Alternativ yol olan Xəzər dənizi üzərindən Bakı, Türkmənistan, Qazaxıstana yəni Orta Asiyaya daşınmanı Azərbaycan və Türkmənistana aid Ro-Ro gəmiləriylə həyata keçirəcəyik”.
Nuhoğlu Rusiya üzərindən Orta Asiyaya türk tırlarının daşınmasının Türkiyəyə hər tıra görə, illik 9-10 min dollara başa gəldiyini, ancaq Xəzər dənizi dəhlizindən istifadə etməklə, bu xərcləri 30%-dək azaltmağın mümkün olacağını qeyd edib.
Ülviyyə R. Əli
www.oxu.az