“Azərbaycan ölkədaxili investisiyalarını maliyyələşdirə biləcək səviyyədədir”.
Oxu.Az-ın məlumatına görə, bunu 25-ci Beynəlxalq Biznes Forumda (IBF) Türkiyənin “Alkan Consulting Group”un rəhbəri Avni Dəmirçi deyib.
O bildirib ki, forumun bu il Azərbaycanın dünyada tarix yazdığı, Qarabağı torpaqlarına geri qaytardığı bir dövrdə Bakıda baş tutması olduqca əhəmiyyətlidir:
“30 illik işğaldan sonra Qarabağ bölgəsinə həyatın qaytarılması üçün yatırılacaq investisiyaları, dövlət və özəl sektor tərəfindən görüləcək işləri müzakirə edəcəyik. İqtisadiyyatın investisiyalarla birləşdiyi dövrdə PPP adlandırdığımız dövlət-özəl əməkdaşlığı forumun panel müzakirələrinin əsas mövzusudur”.
Avni Dəmirçi vurğulayıb ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun təqdim etdiyi rəqəmlərdən ölkənin büdcə ilə bağlı heç bir probleminin olmadığı görünür:
“Ölkə daxili investisiyalarını maliyyələşdirmək iqtidarına malikdir. Lakin bu gün dünyada uzun illər dövlət-özəl sektorunun əməkdaşlığının gətirdiyi modelin Azərbaycanda da istifadə edilə bilməsindən danışırıq. Bugünkü forumda müvafiq müzakirələrdə iştirak edənlərin hamısı öz sektorlarında vacib şəxslərdir”.
Nigar Məmmədova