Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin “Zığ” gəmi təmiri zavodunda Türkmənistanın “Şirin” yedək gəmisinin təmiri yekunlaşıb. Türkmənistanlı həmkarlarımızın sifarişi ilə gəminin mexanizmlərində, vint-sükan qurğusunda zəruri təmir işləri aparılıb, gövdənin sualtı hissəsi təmizlənərək rənglənib.
Bu barədə QSC-dən Oxu.Az-a bildirilib.
Məlumata görə, “Zığ” zavoduna qəbul edilmiş daha 2 türkmən gəmisində - “Soltan” və “Bossan” təchizat-yedək gəmilərində də təmir prosesi yekunlaşmaq üzrədir. Onların da yaxın günlərdə sifarişçiyə təhvil veriləcəyi gözlənilir.
Qeyd olunub ki, gəmilərin sahibi təmirin səviyyəsindən razıdır və qarşılıqlı faydalı əməkdaşlığı davam etdirmək niyyətindədir.
Qeyd edək ki, 2016-cı ildə daha bir neçə xarici gəminin QSC-yə məxsus zavodlarda təmiri planlaşdırılır.
Ülviyyə R. Əli
www.oxu.az