Bu gün çoxu vəziyyəti elə təsvir edir ki, sanki biz “Qazprom”u indi tapıb onlarla danışıqlara başlamışıq.
Oxu.Az “Qruziya Online”a istinadən xəbər verir ki, “Qazprom” ilə aparılan danışıqlar ətrafında baş verən hadisələrə Gürcüstan parlamentinin sədri David Usupaşvili belə münasibət bildirib.
“Gürcüstan ərazisində, əvvəlki hakimiyyətin çox danışdığı vaxtilə Rusiyaya satılmayan, Gürcüstana məxsus boru kəməri ilə qaz nəql edilir. Bu qaz Ermənistana tədarük edilir.
Bununla yanaşı, bu qazla əməliyyatın şərtləri, Gürcüstanın tranzitin dəyərini alma müddəti və şərtləri mütləq müzakirə edilməlidir, ona görə də danışıqlar faktının niyə yenilik və problemə çevrildiyini mən anlamıram”, - Usupaşvili jurnalistlərə deyib.
Parlamentin sədri vurğulayıb ki, hazırkı tranzit vasitəsilə Gürcüstan Rusiyadan hər zaman qaz alıb.
“Bu, yeni qaz deyil – burada bir qədər az və ya bir qədər çox qaz ola bilər, amma biz hər zaman Rusiyadan qaz almışıq. 2011, 2010, 2009, 2008-ci illərdə Rusiya qazını heç kəs bağlamırdı və heç kəs enerji sistemimizdə Gürcüstanın müstəqilliyinə təhlükə yarada biləcək qədər çox qazın olduğunu demirdi.
Əminəm ki, bu, sabah da, o birisi gün də belə olacaq. Bizim əsas təchizatçımız və tərəfdaşımız Azərbaycan olub və qalacaq. Ehtiyat vəsaitinə gəldikdə isə bu, Türkiyədən, İrandan və ya başqa bir ölkədən olacaq, Gürcüstanda bu imkan və variantlar olmalıdır”, - David Usupaşvili bəyan edib.