UTair aviaşirkəti payızda Moskvadan Bakıya uçuşlarını bərpa etmək niyyətindədir. Reyslər sentyabrın 7-dən gündəlik olaraq həyata keçiriləcək.
Oxu.Az bu barədə travel.ru-ya istinadən xəbər verir.
Moskvadan uçuş (Vnukovo aeroportu) 10.30-da, Bakıya eniş isə 15.30-da olacaq. Geri istiqamətdə 16.30-da uçuş, Moskvaya eniş isə 17.30-da olacaq. Biletin bir tərəfə minimal qiyməti 10845 rubl (170 AZN) olacaq, gediş-gəliş – 23512 rubl (369 AZN) təşkil edəcək. Xətdə Boeing 737 təyyarəsi istifadə ediləcək.
UTair bu xətdə 2008-ci ildən xidmət göstərirdi. Amma 2014-cü ildə iqtisadi böhranla əlaqədar bir sıra Rusiya üzrə və xarici reyslərlə yanaşı Bakı reysi də bağlanılmışdı. İndi mütəmadi olaraq onların bəziləri bərpa edilir. Şirkətin Moskvadan Riqa və Tallin marşrutlarına da qayıdışı mümkündür.