Vilnüs sammitindən sonra Moldova və Gürcüstanın Avropa İttifaqı ilə assosiativ üzvlüyə imza atması, Azərbaycanınsa qurum ilə sadələşmiş viza rejiminə imza atması bir daha dünya siyasətində ciddi problemlərin yarandığından xəbər verir.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov mətbuata açıqlamasında dilə gətirib.
“Son vaxtlar Ukraynada baş verən hadisələr, bu ölkə ətrafında cərəyan edən siyasi proseslər Azərbaycanın strateji müttəfiqi olan bir dövlətdə yaşanan hadisələr xalqımızı və bir millət vəkili olaraq məni narahat edir”, - deyən millət vəkilinin sözlərinə görə, bu günlərdə Azərbaycanla bir neçə Avropa ölkəsi arasında çox mühüm bir saziş imzalanıb.
Millət vəkili belə hesab edir ki, 20-ci əsrdə mərhum dövlət başçısı Heydər Əliyev tərəfindən “Əsrin müqaviləsi” imzalanmışdısa, 21-ci əsrdə də ölkə prezidenti İlham Əliyev tərəfindən əsrin qaz kontraktı imzalanıb və bu müqavilə də Azərbaycanın müstəqilliyinin qorunub-saxlanmasında başlıca amil rolu oynayacaq:
“Bu kontrakt yalnız iqtisadi yox, həm də bir siyasi müqavilədir. Azərbaycanın dövlət başçısı sonuncu seçkilərdə seçiləndən sonra inaqurasiya mərasimindəki çıxışında Azərbaycanın Avropaya inteqrasiyasının xüsusi bir xətt olduğunu diqqətə çatdırdı.
Bu layihə bir də ona görə önəmlidir ki, Xəzər dənizinin statusu müəyyən olunmasa belə onun karbohidrogen ehtiyatlarından dövlət başçımızın apardığı uğurlu xarici siyasət nəticəsində çox gözəl istifadə edilir. 1,2 trilyon kubmetr qaz ehtiyatı olan “Şahdəniz-2” yatağının 7 mühüm neft şirkəti ilə birgə bu kontrakta imza atılması Azərbaycanın müstəqilliyi və gələcək inkişafı üçün əsas amillərdən biridir.
Millət vəkili olaraq mən də bəyan etmək istəyirəm ki, Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevin apardığı uğurlu siyasət, yəni Avropaya inteqrasiya xəttinin əsas götürülməsi alqışa layiqdir. Bir daha bu sazişin imzalanması münasibətilə hamını təbrik edir, dövlət başçısına bu yolda uğurlar arzulayıram”.