Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun yanında manatın devalvasiyasının yaratdığı iqtisadi və sosial nəticələrin mümkün qədər kompensasiya edilməsi məsələləri müzakirə olunub.
Oxu.Az Strateq.az-a istinadən xəbər verir ki, kompleks tədbirlər toplusunun mühüm bir istiqaməti kimi ABŞ dolları ilə kredit borcları olan vətəndaşlara güzəşt məsələsinə baxılıb.
Bu məsələ ilə bağlı Ali Məclis sədri tapşırıq verib ki, “Naxçıvanbank” ASC ABŞ dolları ilə kredit borcu olan sakinlər borclarını ödəyib qurtaranadək (yalnız kredit borcu olanlar borcunu ödəyən zaman) 1 dollar = 1,05 manat ekvivalentində konvertasiya edilsin.
Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədov bildirib ki, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının bankın səhmdarları ilə razılaşdırılmış 25 dekabr 2015-ci il tarixli qərarına əsasən “Naxçıvanbank” ASC-yə 21 dekabr 2015-ci il tarixə ABŞ dolları ilə borcu olan hüquqi və fiziki şəxslərin əsas və faiz borclarının alınması 1,05 AZN məzənnəsinə uyğun olaraq aparılacaq:
“Bankın xarici valyutada kredit portfeli 1 milyon ABŞ dollarına qədərdir və 370 nəfəri əhatə edir. Yaranmış zərər “Naxçıvanbank” ASC tərəfindən qarşılanacaqdır”.
Qeyd edək ki, bu qərarın Muxtar Respublikanın ərazisində fəaliyyət göstərən digər bankların müştərilərinə heç bir aidiyyatı yoxdur və yalnız “Naxçıvanbank” ASC-nin müştərilərini əhatə edir.
E.Ə.
www.oxu.az