2014-cü ilin yanvar-mart aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 1 milyard 762 milyon 920,6 min manat təşkil edib.
Oxu.Az xəbər verir ki, Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən verilən məlumata görə, bu məbləğin 31,5 faizi mənfəət vergisinin, 27,3 faizi əlavə dəyər vergisinin, 12,1 faizi aksizlərin, 12,9 faizi fiziki şəxslərin gəlir vergisinin, 16,2 faizi isə digər vergilərin payına düşür.
Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 977 milyon 249,6 min manat vəsait daxil olub.
Yanvar-mart aylarında respublika üzrə 22 min 239 vergi ödəyicisi qeydiyyata alınıb. 1 aprel 2014-cü il tarixinə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 556 min 862 nəfər təşkil edib.
2014-cü ilin yanvar-mart ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 91,3 faiz təşkil edib.
Bundan əlavə, Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən verilən məlumata görə, 2014-cü ilin 1-ci rübü ərzində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq faktları üzrə cəmi 146 sayda cinayət işi başlanıb.
Həmin cinayət işlərindən 29-u vergi ödəməkdən yayınma faktları, 6-sı qanunsuz sahibkarlıq və 2-si səyyar vergi yoxlamalarının nəticələrinə dair materiallar üzrə qanunsuz sahibkarlıq faktları, 108-i vergi borcunun ödənilməməsi barədə vergi orqanlarından daxil olmuş materiallar üzrə vergi ödəməkdən yayınma faktları ilə, 1-i isə digər hüquq-mühafizə orqanlarından daxil olan materiallar üzrə qanunsuz sahibkarlıq faktı ilə bağlı başlanıb.
Hesabat dövründə Departamentin İstintaq idarəsində 66 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. 2 nəfər təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.
2014-cü ilin 1-ci rübü ərzində Departamentdə cinayət işləri və materiallar üzrə aparılan araşdırmalar zamanı 2209,1 min manat dövlət büdcəsinə ödənilib ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 297,4 min manat çoxdur.
Gülnarə Zeynalova
www.oxu.az