Oxu.Az şanson kralı, müğənni Fərhad Bakinski və qızı “Eurovision-2014”-ün milli seçim turlarında ikinci yerə layiq görülən Xana Həsənovanın müsahibəsini sizə təqdim edir.
- İllər öncə ekranlarda birdən-birə parladınız və qəfildən də görünmədiniz. Buna səbəb nə idi?
- Fərhad Bakinski: O vaxtlar mən müğənnilik fəaliyyətinə başlayanda televiziyalara, radiolara pulsuz dəvət edirdilər. O zamanlar yeni mahnılar yazdırırdım, kliplər təqdim edirdim, verilişlərə dəvət alırdım.
Lakin sonradan proqramlarda çıxış etmək üçün müəyyən qədər pul tələb etməyə başladılar. Mən də o gündən sonra efirlərə getmədim. Çünki mən sənət göstərirəm, buna görə nə üçün pul verib verilişə çıxmalıyam? Pul verib, efirə çıxmağımı özümə ayıb bilirəm.
Mən toya dəvət almaq, ya da səsimlə biznes qurmaq üçün oxumuram. İncəsənət və mədəniyyəti sevdiyim üçün oxuyuram. Bu sənətə sevgi ürəkdən gəlməlidir, nə isə xətrinə deyil.
Efirə çıxmamağıma mane olan digər səbəb isə mənim rusdilli olmağımdır. İfa etdiyim bütün mahnılar rus dilindədir. Azərbaycan dilində cəmi 2-3 mahnım var.
Efirdə görünmədiyim illər ərzində mən yaxşı istirahət etdim. Eyni zamanda, yeni mahnılar da yazdım.
- Şou-biznesdə hamının ləqəbi var. Sizi isə “şanson kralı” adlandırırlar. Bəs bu adı sizə kim verib?
- Fərhad Bakinski: Xalq.
- Ümumiyyətlə, şou əhlinə titul verilməsinə necə baxırsınız?
- Fərhad Bakinski: Müğənnilərə titulları İlhamə Quliyeva verir. O, çox gözəl insandır. Mən İlhamə xanımı uşaqlıq illərimdən tanıyıram. Gözümü açıb, ekranda onu görmüşəm. İllər ərzində bu sənətdə öz yerini qoruyub saxlaya bilmək çox çətindir. İldən-ilə gənc, istedadlı ifaçılar yetişir. Onların arasında İlhamə xanım illərcə öz yerini qoruyub saxlaya bilib. Onun müğənnilərə titul verməyə haqqı var. O, bu sənətin kraliçasıdır.
- “Eurovision-2014”-ün milli seçim turlarında finala qədər gəlib çıxdınız. Qalib olacağınızı çox ümid edirdiniz?
- Xana Həsənova: Əlbəttə, mən buna çox ümid edirdim. Məni dəstəkləyənlər çox idi. Sizin vasitənizlə onlara təşəkkür edirəm.
Bu, o demək deyil ki, mən öz üzərimdə çalışmayacağam. Mən yeni mahnılar yazdırıram.
Dilarə üçün də çox sevinirəm. O, buna layiq idi. Mən ona hər şeyin ən yaxşısını arzu edirəm.
- Bundan sonra yaradıcılığınızla bağlı nə planlarınız var?
- Xana Həsənova: Atam mənim üçün yeni mahnı yazıb, onu hazırlayıram.
- Adətən, əksər incəsənət adamları övladlarının bu peşənin arxasınca getməsini istəmirlər. Nə əcəb qızınızın sizin yolunuzu davam etməsinə mane olmadınız?
- Fərhad Bakinski: O, hələ ana bətnində olanda mənim mahnılarımı eşidib rəqs edirdi. Bu, Allahdan gələn vergidir. Bu istedadı onun əlindən almaq olmazdı.
Onun öz dünyası var. O hər mahnını ifa etmir. Mahnılarda çox seçim edir.
- Ailənizdə ikinizdən başqa incəsənətlə məşğul olan var?
- Fərhad Bakinski: Oğlum musiqiçi deyil. Amma incəsənətə və mədəniyyətə çox böyük qiymət verir. Yelkənli qayıq idman növü üzrə 7 qat Azərbaycan çempionudur. Hazırda kapitan köməkçisi işləyir.
Yoldaşım Lyudmilla Həsənova peşəkar piano ifaçısıdır. Onun hətta gözəlliklə bağlı işləri də var. Müəyyən nailiyyətlər əldə edib.
- Çox gözəl xanımsınız. Hansısa film, serial, reklam təklifi alsanız qəbul edərsiniz?
- Xana Həsənova: Bəli, olsa seçim edərəm.
- Qızınız çox sevilir, yoxsa siz?
- Fərhad Bakinski: İfa tərzimiz fərqlidir. Hərənin öz auditoriyası var.
Məsələ burasındadır ki, onu sevənlər məni sevmirlər. Amma məni sevənlər isə Xananı məndən də çox sevirlər (gülür).
Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev
www.oxu.az