Oxu.Az ənənəsinə sadiq qalaraq həmişə olduğu kimi bu çərşənbə də sizə növbəti məşhur ailəni təqdim edir.
Qonağımız tanınmış cütlük Nurkan və Lalədir. Sizi həm həmkar, həm də həyat yoldaşı olan məşhur ailənin müsahibə və fotosessiyasına baxmağa dəvət edirik.
- Öz haqqınızda oxuculara məlumat verin.
- Lalə: 1984-cü il iyul ayının 30-u Bakı şəhərində dünyaya gəlmişəm. Uşaqlıq illərində “Bənövşə” uşaq xorunun solisti olmuşam. ADMİU-nu bitirdikdən sonra “Kristal” qrupunda fəaliyyət göstərməyə başladım. Qrupdan ayrılandan sonra Nurkanla ailə həyatı qurdum. Artıq iki ildir ki, ailəliyik və birlikdə fəaliyyət göstəririk.
- Nurkan: Mən Nurkan Mustafa oğlu aprel ayının 17-si 1984-cü ildə Türkiyədə doğulmuşam. Konservatoriya bitirməmişəm, amma bu sənət məndə Allah vergisidir, deyə bilərəm. Bir çox məşhurlarla çalışmaq imkanım olub. Bunlardan Cem Özkan, rok ifaçısı Lal ilə işbirliyimizi qeyd edə bilərəm. Azərbaycana ilk dəfə 2004-cü ildə gəlmişəm. Rafet El Roman ilə eyni səhnədə konsertimiz var idi.
Həmin konsertdə mən Laləni qrupda gördüm. Sonra Türkiyəyə getdim. Aradan 5-6 il keçməsinə baxmayaraq Lalə həmişə ağlımda idi. Yenidən Bakıya geri döndüm. Laləni axtarıb tapdım.
- Tanışlığınız və evlilik qərarınızdan bəhs edə bilərsiniz?
- Lalə: Mən qrupda çalışdığım müddətdə Nurkan bizə iki mahnı təqdim etdi. Qrupumuz və Nurkan bir yerdə duet oxuduq. Mahnının sözü və musiqisi onun özünə aid idi. Mahnı “Aşk lazım” adlanırdı.
- Nurkan: Mahnı dinləyici auditoriyası tərəfindən bəyənildi. Ondan sonra bir çox verilişlərə birlikdə dəvət aldıq. Nəhayət ki, bir gün ANS telekanalında Gülnarə xanımın aparıcılığı ilə yayımlanan “Qonaqlıq” verilişində mən ona ürəyimi aça bildim. Lalə mətbəxə çay dəmləməyə keçdi, mən də dərhal onun ardınca. Orada Laləyə ürəyimi açdım. Demək olar ki, hər şeyi iki dəqiqənin içərisində danışmağa başladım (gülür). “Aşk lazım” mahnısını qrupa təqdim etməyimin başlıca səbəbi, məhz onun olduğunu söylədim. Və sözlərimi bitirən kimi ondan “Mənimlə evlənərsənmi?”- deyə soruşdum. O mənə “Bu təklifi belə 2 dəqiqənin içində söyləyərlərmi?” dedi (gülür).
- Lalə: Bizim Nurkanla çox gözəl dostluq münasibətimiz yaranmışdı. Əlbəttə, mən həmin gün Nurkandan o cümlələri gözləmirdim. Mən ona dərhal “hə” demədim. Söylədim ki, düşünüb danışarıq. Lakin o gündən sonra mən hiss etdim ki, bizim dostluq münasibətlərimiz sevgiyə çevrilir. Çünki mənim də ona qarşı simpatiyam var idi. Biz bir-birimizin əlaqə nömrələrimizi bilirdik. Daha sonra telefonla sıx-sıx əlaqə saxlamağa başladıq.
- Nurkan: Həmin söhbətdən sonra mən artıq gecə-gündüz Laləyə zəng etməyə başladım. Lalə o zaman qrupdan ayrılmağı düşünürdü. Mən də onun qrupdan ayrılmasının tərəfdarı idim. Laləyə görə yeni mahnılar da yazmışdım. Çünki mahnılar mənim ona daha da yaxın olmaq səbəbim idi. Ona təklif etdim ki, tamamilə qrupdan ayrıl və biz evlənək, daha sonra yeni mahnılarımızı birgə ifa edərik. Belə də oldu, biz ailə həyatı qurduq.
Sonra “Aman-aman” adlı yeni mahnımızı yazdırdıq. Mahnı işıq üzü görən kimi çox sevildi. İkinci mahnımız “Gəl yanıma” oldu. Hər ikisinin sözü və musiqisi mənə aiddir.
- Valideynləriniz bu qərarınızdan xəbər tutanda narazılıq etdilər?
- Lalə: Mənim ailəm normal qarşıladı və dəstəklədi. Yaşım da sərbəst qərar verməyə imkan verirdi. Həm də Nurkanı tanıyana qədər mən belə bir qərarla ailəmin qarşısına çıxmamışdım. Bu qərarımı valideynlərimə söyləyəndə onlar mənə xeyir-dua verdilər. Hisslərimizə hörmətlə yanaşdılar.
- Nurkan: Mənim ailəm qətiyyən olmaz dedi. Bu günə kimi hələ də ailəmizdən bizim evliliyimizi qəbul etməyənlər var. Mən Trabzonluyam. Orada ayrı ölkənin vətəndaşı ilə nikaha girmək birmənalı qarşılanmır. Düzdür, biz həmişə söyləyirik ki, iki dövlət, bir millətik. Amma bununla belə, bizim nəsildə yeganə insan mən oldum ki, ayrı millətin nümayəndəsi ilə ailə həyatı qurdum.
Nə isə, valideynlərimi bir təhər razı saldım. Onlar Laləni valideynlərindən istəməyə gəldilər. Nəhayət, Bakıda toy etdik.
- İki qoçun başı bir qazanda qaynamaz deyirlər. Hər ikiniz eyni sahənin insanlarısınız. Çətin deyil ki yola getmək?
- Lalə: Biz ikimiz də od ünsürlüyük. Bir də görürsünüz ki, bir-birimizi qırırıq (gülür).
- Nurkan: Ən çox mahnı üstündə dalaşırıq. 3-4 mahnı bəstələyirəm, sonra seçim arasında qalırıq. Hansı birinci olsun deyə mübahisə edirik.
- Mənziliniz Bakıdadır, yoxsa Türkiyədə? Daha çox harada yaşayırsınız?
- Nurkan: Evimiz Bakıdadır.
- Lalə: Bir dəfə Türkiyəyə gedib Nurkanın ailəsinə baş çəkmişik. Amma mənzilimiz Bakıdadır, burada yaşayırıq.
- Doğulacaq övladınızın cinsiyyətini öyrənmisniz?
- Lalə: Bəli. Həkimlər qız övladımız dünyaya gələcək deyib.
- Nurkan: Mən yuxumda oğlan uşağı doğulacağını görmüşdüm. Amma doğulacaq övladımın qız olmasını çox istəyirdim. Cinsiyyətinin qız olacağını öyrənəndə isə çox sevindim.
- Ona azəri, yoxsa türk adı veriləcək?
- Dini ad qoymağı fikirləşirik.
- Hələ ki səs-sorağınız təkcə Azərbaycan şou-biznesindən gəlir? Bəs Türkiyə şou-biznesinə qatılmaq planlarınız var?
- Nurkan: Yanvar ayında sənətimizlə əlaqədar Türkiyəyə getməyi planlaşdırmışdıq. Lakin Lalə 6 aylıq hamilə olduğu üçün təyyarəyə minməyə icazə vermədilər. Ona görə hələlik Türkiyə ilə bağlı bütün planları dayandırmışıq.
Əsas odur ki, övladımız sağ-salamat dünyaya gəlsin. Amma gələcəkdə Türkiyədə yaşamağı planlaşdırırıq.
- Lalə: Azərbaycanda da yeniliklərimiz olacaq. Yeni mahnılar hazırlayırıq. “Aman-aman” mahnısının klipindəki komanda ilə çalışırıq.
Yaxın zamanda ola bilsin ki, həmin mahnılar içərisindən seçim edib, “Bir zamanlar” adlı mahnını dinləyicilərə təqdim edəcəyik. Mahnının sözləri və musiqisi Nurkana aiddir. Aranjimanı isə Rəşad Hüseynova məxsusdur.
Eyni zamanda, Azərbaycan və Türkiyə musiqisinin sintezindən ibarət mahnıları da təqdim edəcəyik. Bilirsiniz ki, Nurkan pop-rok üslubunda mahnılar yazır. Amma bu dəfə söylədiyim yeniliklə sevənlərimizin qarşısına çıxacağıq.
Həm də Türkiyənin “Kral” telekanalında “Aman-Aman” mahnısını həmin kanalda yayımlamaq təklifi almışıq. Onlar bizə bildirdilər ki, mahnıda bəzi sözləri tük dilinə çevirək və klip çəkib, onlara təqdim edək.
- Və sonda ənənəvi sualımız: Məşhur ailə olmaq necə hissdir?
- Lalə: Əslində, çətindir. Tutaq ki, bəy müğənnidir, amma xanımı tanınmış sima deyil. Onlara ictimai yerlərdə olmaq daha rahatdır. Amma biz ikimiz də tanındığımıza görə bizə daha çətindir. Həmişə məşhur ailəyə diqqət çox olur, ona görə çalışırıq ki, çox yerdə görünməyək.
- Nurkan: Bu, gözəl hissdir. Biz məşhur ailəmizi qalmaqaldan uzaq tutmağa səy göstəririk. Bostanımıza daş deyil, kərpic atanlar da olur (gülür). Həmin insanlara baş qoşmamağa çalışırıq.
- Lalə: Hətta bəzi verilişlərdə bizə təklif edirlər ki, gəlin qalmaqal yaradaq. Əlbəttə, biz imtina edirik. Çünki o zaman insan səviyyədən düşür. Eyni zamanda, xarakterimiz də buna imkan vermir.
- Nurkan: Bəzi media işçiləri anlamırlar ki, biz ər-arvadıq. Mənim yoldaşım kimə söz atmalıdır ki!? Adama deməzlər sən hara baxırsan, arvadın filankəsə söz atır.
Biz həm də iki millətin mədəniyyətini özümüzdə birləşdiririk. Mən Türkiyədənəm, Lalə azərbaycanlıdır. Ona görə həmişə çalışırıq ki, yaxşı işlərimizlə yadda qalaq.
Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev
www.oxu.az