"Makroiqtisadi göstəricilərə və eləcə də, tədiyyə balansındakı saldoya əsaslansaq, yeni potensial devalvasiya səbəbi izah edilən deyil".
Bunu Oxu.Az-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov bəyan edib. Onun sözlərinə görə, məzənnə ilə bağlı rəsmi qərarı Mərkəzi Bank qəbul edir: "Biz avqust ayında dollara tələbin artacağını öncədən proqnozlaşdırırdıq və bu da baş verdi. Dövlət Neft Fondu iyulda hərraclarda 253,2 milyon manat satmışdısa, avqustda 292,6 milyon manat xərclədi. Bu isə o deməkdir ki, dollara tələb avqustda iyula nisbətən 15 faizdən çox yüksəlib. İlin sonuna doğru dollara tələbin artacağı gözləniləndir. Bunun məzənnəyə necə təsir edəcəyi isə yenə də birbaşa Mərkəzi Bankın səlahiyyətində olaraq qalmaqdadır".
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) sabah ölkədə devalvasiya olacağı ilə bağlı söz-söhbətə son qoyub. Qurum təcili olaraq (ənənəvi vaxtından təxminən 2 saat əvvəl) ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsini açıqlayıb.
L.Ə.