Daha aktiv satılan neft növü olan Amerika WTI və Londonda satılan Brent markalı neftin qiymətləri çərşənbə axşamı son 4 il ərzində paritetə çatıb.
Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, 2010-cu ilə qədər Amerika nefti Brentə müvafiq olaraq satılırdı, belə ki, ABŞ iri neft idxalçısı idi. Amma ABŞ-ın neft istehsalını artırması vəziyyəti dəyişdi, son illər isə Brentlə müqayisədə bir barel üçün fərq 20 dollara çatırdı.
İndi ABŞ-da hasilat azalır və növbəti ilin sentyabr ayında hasilat bu il əldə edilmiş 9,6 milyon barel ilə müqayisədə 8,5 milyon barel səviyyəsinə qayıda bilər. Bu barədə Financial Times məlumat yayıb. Bununla yanaşı OPEK ölkələrindən dünya bazarına tədarük azalmır.
The Wall Street Journal-ın yazdığına görə, neftin qiymətlərinin bərabərləşməyi bazarın bərpasına dair siqnal ola bilər. Belə ki, ABŞ-dakı istehsalatçılar tələbat yetərincə yüksək olduğu halda ucuz qiymətlər fonunda hasilatı azaldırlar.
Brent markalı neftin fevral fyuçersləri ICE Futures London birjasında çərşənbə günü saat 9.00-a 0,9% bahalaşaraq bir barel üçün 36,43 dollardan ibarət olub, Bloomberg agentliyinin məlumatları bunu təsdiqləyib.
WTI neftinin fevral fyuçerslərinin kotirovkası Nyu-York əmtəə birjasında göstərilən vaxt üçün 0,7% bahalaşaraq bir barel üçün 36,38 dollardan ibarət olub.