Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Xınalıqda atçılıq turizmi inkişaf etdiriləcək
Quba rayonunun qədim tarixə malik Xınalıq kəndi özünəməxsus coğrafi mövqeyi və nadir memarlıq görkəminə görə daim turistlərin diqqətini cəlb edir.
Oxu.Az AzərTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Xınalıq kəndinin tarixi ərazisi “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu elan edildikdən sonra burada tarix və mədəniyyət abidələrinin qorunub saxlanılmasını və mühafizəsini təmin etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilib.
Kənddə orta əsrlərə aid Atəşpərəst məbədi, Xıdır Nəbi türbəsi, Şeyx Şalbuz, Əbu Müslim məscidləri, mağaralar və çox sayda öyrənilməmiş arxeoloji abidələr mövcuddur.
Dəniz səviyyəsindən 2 min 300 metr yüksəklikdə yerləşmiş kənddə daim yerli, eləcə də çoxsaylı əcnəbi turistlərə rast gəlmək mümkündür.
“Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun direktoru Həsən Ağayev bildirib ki, son üç ildə kəndi 10 mindən artıq turist ziyarət edib. Bu turistlərin təxminən yarısı əcnəbilər olublar. Kəndə daha çox turistin cəlb olunması üçün əlavə tədbirlər həyata keçirilməkdədir.
“Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun nəzdində yardımçı təsərrüfat qurulur. Bu təsərrüfatda atçılıq turizminin inkişaf etdirilməsi üçün şərait yaradılacaq. Bundan sonra turistlər qoruğa aid olan, amma Xınalıq kəndindən 15-18 kilometr uzaqlıqda yerləşmiş tarixi məkanlara at belində səyahət edə biləcəklər. Bundan başqa xarici ölkələrdən gəlmiş turistlərə yardım etmək məqsədi ilə müxtəlif əcnəbi dilləri bilən bələdçilər ayrılıb.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Dini qurumların rəhbərləri Azərbaycan Prezidentinə təşəkkür ediblər
- Azərbaycan Prezidentinə başsağlığı məktubları gəlməkdə davam edir
- Azərbaycanda nəqliyyatla bağlı yeni yaradılan holdinqin nizamnaməsi təsdiqləndi
- Fövqəladə vəziyyət və səfərbərlik haqqında qanunlara dəyişiklik edildi
- Bələdiyyələrlə bağlı üç qanuna dəyişiklik edildi