Bakıda Ziya Bünyadov prospektinin Alı Mustafayev, Hüseynbala Əliyev və Əbdülvahab Salamzadə küçələri ilə kəsişməsində - “Xutor dairəsi”ndə yerləşən yol qovşağı kompleksinin tikintisi ilə bağlı işlər bu ilin iyun-iyul aylarında başa çatdırılacaq.
Oxu.Az Aznews.az-a istinadən xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
Onun sözlərinə görə, hazırda həmin yol qovşağı kompleksinin tikintisi işləri davam etdirilir. Yol qovşağı kompleksinə üç tunel və bir yol ötürücüsü daxildir.
Birinci tunel nəqliyyat vasitələrinin 3-cü mikrorayon dairəsindən “Xutor dairəsi”nə daxil olmadan Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin (keçmiş Karl Marks dairəsi) kəsişməsi istiqamətinə maneəsiz hərəkətini təmin edəcək.
Birgedişli ikinci tunel Ə.Salamzadə küçəsindən Z.Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsi istiqamətinə, üçüncü tunel Z.Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsindən Ə.Salamzadə küçəsinə maneəsiz hərəkəti təmin edəcək.
P.Mürsəliyev qeyd edib ki, hər iki tuneldə görülmüş işlər təxminən eyni səviyyədədir.
Üçüncü tunel Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsindən Ə.Salamzadə küçəsinə hərəkəti təmin edəcək.
Yol qovşağı kompleksinə daxil olan yol ötürücü isə Ə.Salamzadə küçəsindən gələn nəqliyyat vasitələrinin Hüseynbala Əliyev və əks istiqamətdə nəqliyyat vasitələrinin hərəkətini təmin edəcək.
Qeyd edək ki, hələ 3 ay əvvəl yol kompleksindəki işlərin bu ilin I rübündə yekunlaşdırılmasının planlaşdırıldığı bildirilirdi.
P.Mürsəliyev qeyd edib ki, işlərin ləngiməsinə səbəb ərazidə əlavə söküntülərin aparılması olub:
“Hazırda demək olar ki, kompleks üzrə işlərin böyük hissəsi yerinə yetirilib. Bu ilin iyun-iyul aylarında yol kompleksində işlərin tamamilə yekunlaşması gözlənilir”. (Trend)