Bu ilin ötən dövrü ərzində Nəqliyyat Nazirliyi tərəfindən Bakı şəhəri üzrə 800-ə yaxın avtobus və taksi sürücüsünə qarşı 60 min manata yaxın cərimə sanksiyası tətbiq edilib.
Oxu.Az AzNews.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional şöbəsinin rəis müavini Əmrah Cəfərov deyib.
Onun sözlərinə görə, yanvar ayı ərzində 284 taksi (11 600 manat) və 209 avtobus (25 900 manat) sürücüsü qanunvericiliyin müddəalarını pozduğuna görə, ümumilikdə tətbiq olunan protokol əsasında 37 500 manat cərimə sanksiyası tətbiq edilib.
Ə.Cəfərov həmçinin əlavə edib ki, bu ilin fevral ayının ötən dövrü ərzində də 304 taksi və avtobus sürücüsünə qarşı protokol tətbiq edilib. Nəticədə 104 taksi (7 900 manat) və 200 avtobus (11 850 manat) sürücüsünə qarşı ümumilikdə 19 750 manat cərimə sanksiyası tətbiq olunub.