Ələt qəsəbəsində Yeni Beynəlxalq Bakı dəniz ticarət limanının tikintisinin ikinci fazası çərçivəsində Ro-Ro tipli gəmilər üçün terminalın tikilməsi üzrə işlər cari ilin sonuna qədər başa çatdırılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Trend-ə portun baş direktoru Taleh Ziyadov bildirib.
Onun sözlərinə görə, birinci faza çərçivəsində Ro-Ro tipli gəmilər üçün nəzərdə tutulmuş dörd kiçik limandan ibarət quru yük və konteynerlərin universal terminalının tikintisi üzrə işləri başa çatdırmaq lazımdır.
“Bu işlər cari ilin sonuna qədər sona çatdırılacaq, birinci faza isə 2017-ci ildə başa çatacaq. Bundan sonra köhnə Bakı limanında əvvəllər olduğu kimi yükləri boşaltmadan Ələt limanı Ro-Ro gəmilərini qəbul edə biləcək. Növbəti fazaların həyata keçirilməsi yük dövriyyəsinin sürətindən asılı olacaq, yəni lazım olduğu halda tikintini sürətləndirəcəyik”, - Ziyadov deyib.
O, əlavə edib ki, birinci faza başa çatdıqdan sonra Bakı Beynəlxalq dəniz ticarət limanı ildə 10-11 milyon ton yük və 50 minə yaxın konteyner qəbul edə biləcək.
Yeni dəniz ticarət limanının tikintisi 2010-cu ilin noyabrında başlayıb.
Ələt qəsəbəsində limanın hər üç fazasının tikintisinin həyata keçirilməsi Azərbaycan hökumətinə 870 milyon manata başa gələcək. Birinci əsas faza 540 milyon manat həcmində dəyərləndirilir. İkinci və üçüncü fazalar müvafiq olaraq 150 və 180 milyon manat həcmində dəyərləndirilir.
Layihənin ikinci mərhələsi daha üç yük limanının tikintisini, ikinci mərhələ isə əlavə iki yük limanının tikintisini nəzərdə tutur.
İkinci mərhələdə limanın gücü 17 milyon ton və 150 min konteyner, üçüncü mərhələnin tikintisi başa çatdıqdan sonra isə 25 milyon ton və bir milyon konteynerdən ibarət olacaq.