“Bakı 2015” 1-ci Avropa Oyunlarının başlamasına sayılı günlər qalıb.
17 gün sürəcək idman hadisəsinə ev sahibliyi edəcək Bakı müasir arenaları, Olimpiya şəhərciyi, yolları və ən başlıcası sakinləri ilə minlərlə qonağı qəbul etməyə artıq tam hazırdır.
Ölkəmizin inşaat sektorunun liderlərindən sayılan “Yeni Həyat” Şirkətlər Qrupu da paytaxtımızda baş verəcək bu möhtəşəm idman hadisəsinə, özəlliklə şəhərimizin simasının daha da qonaqpərvər olmasına çalışaraq yeni aksiyasına start vermişdir.
Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Fərid Əsədovun sözlərinə görə , hər bir vətəndaş “Bakı 2015” 1-ci Avropa oyunlarının Azərbaycanda keçirilməsinin böyük qürurunu yaşayır və bu oyunlara öz töhfəsini verməyə çalışır.
Məhz bu səbəbdən də “Yeni Həyat” Avropa oyunlarının təşkilat komitəsinin təşəbbüskarı olduğu “Biz Bakı 2015-i dəstəkləyirik! We're supporting Baku 2015!” aksiyasına dəstək verməyi qərara aldı.
Sözsüz, hər kəsə bu aksiyanın nədən ibarət olduğu maraqlıdır. Aksiyanın şərtlərinə görə “Yeni Həyat” Şirkətlər Qrupu ona məxsus bütün obyektlərdə, o cümlədən, Megafun ticarət və əyləncə mərkəzində, Azure və Hayat Plaza biznes mərkəzlərində, habelə Megafun və Park Azure yeraltı dayanacaqlarına bütün avtomobil sahiblərinə üzərində “Biz Bakı 2015-i dəstəkləyirik! We're supporting Baku 2015!” yazılmış stikerləri pulsuz təqdim edəcək.
Aksiyaya qoşulmaq istəyən hər bir insanın avtomobilinə bu stiker yapışdırılacaq. Beləliklə, bənzərsiz və möhtəşəm idman bayramına hamı rahatlıqla qatıla biləcək.
10 gün davam edəcək aksiyada minlərlə avtomobil yalnız gözəl görünüşə sahib olmaqla qalmayıb, eyni zamanda ölkəmizə təşrif buyuran hər qonağa şəhərimizin, insanlarımızın xoş məramını və dəstəyini də nümayiş etdirəcək.
Belə bir aksiyanın “Yeni Həyat” Şirkətlər Qrupu tərəfindən həyata keçirilməsi, gözlənilməz və ya təsadüfi deyil. Şirkət özünün əsas fəaliyyət sahələrində olduğu kimi, ictimai və idman həyatında da hər zaman yenilikçi və dəstəkçi kimi çıxış etməyi bacarmışdır.
Elə “Yeni Həyat”-ı rəqiblərindən fərqləndirən ən əsas özəllik də yalnız bilavasitə işinə deyil, bütün proseslərə kompleks yanaşma və insanları hər zaman üstün tutmadır.
Biz də öz növbəmizdə “Yeni Həyat” Şirkətlər Qrupu ilə birgə digər şirkətlərin də analoji aksiyalarla ölkəmizdə keçiriləcək “Bakı 2015” 1-ci Avropa Oyunlarını dəstəkləməyə çağırırıq.