Aprelin 19-da Bakı Metropoliteninin yeni-bənövşəyi xəttinin “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarının açılışı baş tutub.
Oxu.Az xəbər verir ki, “Avtovağzal” stansiyasına metro ilə hərəkət etmək istəyən şəxs “Memar Əcəmi” stansiyasına qədər, daha sonra keçidlə “Memar Əcəmi 2” stansiyasına doğru hərəkət etməlidir.
Belə ki, “Memar Əcəmi” stansiyası üçüncü, “Bənövşəyi xətt”inin ilk iki stansiyası – “Avtovağzal” və “Memar Əcəmi-2” ilə keçid stansiyasıdır.
Yeni stansiyalar istismara verildikdən sonra, bu üç stansiyanın sərnişinlərinin hərəkətində toqquşma yaranmaması üçün “Memar Əcəmi”nin giriş və çıxış yeri də dəyişdirilib.
“Memar Əcəmi-2” stansiyası 5 mərtəbədən ibarətdir. Stansiyanın 3 giriş-çıxışı var. Burada ümumilikdə fiziki imkanları məhdud insanlar üçün 4 lift quraşdırılıb.
“Memar Əcəmi-2”də eskalatorlar birbaşa platformanın mərkəzinə doğru uzanır və eskalatorun sayı 17-dir. Vestibüldən aşağıya doğru sonrakı mərtəbədən “Yaşıl” və “Bənövşəyi” xətlərin stansiyalarından bir-birinə keçid üçün istifadə ediləcək.
“Memar Əcəmi-2” - “Bənövşəyi xətt”dən mövcud “Yaşıl xətt”ə keçid stansiyası rolunu oynayacaq.
Sərnişinlər buradan ”Memar Əcəmi” stansiyasına keçməklə, “Yaşıl xətt”ə daxil olan stansiyalardan istifadə edə biləcəklər.
“Avtovağzal” stansiyasının isə 8 giriş-çıxışı var. Burada 20 eskalator və 8 travelator, həmçinin fiziki imkanları məhdud insanlar üçün lift də quraşdırılıb.
“Avtovağzal” stansiyasında iki ədəd pramida quraşdırılıb ki, burada çıxışın biri Bakı-Sumqayıt yolunun altından keçməklə, Biləcəri istiqamətində, ikincisi isə Bakı Beynəlxalq Avtovağzal Kompleksinədir.
Yeni xətdə yaradılan həm “Avtovağzal”, həm də “Memar Əcəmi-2” stansiyalarının platformalarının uzunluğu 144 metrdir. Bu isə platformaya əvvəlki stansiyalarda olduğu kimi 5 deyil, 7 vaqonun daxil olmasına imkan yaradır.
“Memar Əcəmi-2”dən “Avtovağzal” stansiyasına qatar 4 dəqiqəyə çatır. Qatarlar arasındakı interval 9 dəqiqə təşkil edir.
Hal-hazırda stansiyalarda 2 qatar fəaliyyət göstərir.
Qeyd edək ki, layihənin tikintisinə 2009-cü ildə başlanılıb. "Bənövşəyi xətt" 12 stansiyadan ibarət olmaqla, Qaraçuxur qəsəbəsinə qədər uzadılması planlaşdırılır. Bakı Metropoliteninin gələcəkdə 2-si mövcud və 3-ü əlavə olmaqla 5 xətdən, 76 stansiyadan və 119 kilometr uzunluğunda yeraltı yollardan ibarət ümumi şəbəkə yaradılacaq. 2030-cu ilədək 53 yeni stansiya inşa ediləcək.