Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 2-ci texniki dərəcəli 15-45 km sahəsinin əlavə iki zolaq tikilməklə, 1-ci texniki dərəcəli yolun parametrlərinə uyğun yenidən qurulması işləri davam etdirilir.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
O deyib ki, layihə üzrə 38 ədəd müxtəlif diametrli dairəvi və düzbucaqlı borunun, 1 yerüstü piyada keçidi, mal-qara və vəhşi heyvanların keçməsi üçün isə 7 keçid nəzərdə tutulub.
“Artıq torpaq işlərinin 85%-i yerinə yetirilib, genişləndirilən hissənin 2 zolağına 21 km məsafədə ikiqat asfalt-beton örtük döşənib. Qalan 9 km hissənin 7 km hissəsində torpaq işləri tamamlanıb, hazırda həmin sahədə yol örtüyünün dənəvər laylarının tikintisi gedir”, - deyə P.Mürsəliyev əlavə edib.
Qeyd edək ki, layihənin bu ilin sonunadək yekunlaşdırılması gözlənilir.